Odiseas Elitis
yun. Οδυσσέας Ελύτης
Doğum adı Οδυσσέας Αλεπουδέλης
Doğum tarixi 2 noyabr 1911(1911-11-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 mart 1996(1996-03-18)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti tərcüməçi, şair, incəsənət tənqidçisi[d], yazıçı
Əsərlərinin dili yunan dili
Mükafatları ədəbiyyat üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Odiseas Elitis (yun. Οδυσσέας Ελύτης; 2 noyabr 1911[1][2][…], İraklion18 mart 1996[1][2][…], Afina) — yunan şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1979).

Həyatı

Yunanıstanın ədəbiyyat sahəsində ikinci Nobel laureatı Odiseas Alepudelis əsərlərini Odiseas Elitis təxəllüsü ilə çap etdirmişdi. Elitis təxəllüsünü bir neçə səbəbdən seçmişdi. Əvvəla, bu təxəllüsdə şairin vətəninin — Elladanın adı vardı. Digər tərəfdən, yunanca "ümid" mənasını verən "elpida", "azadlıq" anlamında işlədilən "elefteriya" və nəhayət, gözəllik mücəssəməsi Elena — Yelena da eyni kökdən idi.

Odiseas Elitis Krit adasında doğulmuşdu. Əslən Egey dənizindəki əfsanəvi Lesbos adasından olan atası bacarığı və təşəbbüskarlığı sayəsində Kritin zəngin iş adamlarından birinə çevrilmişdi. Oğluna yaxşı təhsil vermək məqsədi ilə Odiseasın altı yaşı tamam olanda o, paytaxt Afinaya qayıtmışdı. Gələcək şair Afina universitetində hüquqşünaslıq öyrənsə də diplom ala bilməmişdi.

Onun poeziyaya, xüsusən də fransız sürrealizminə marağı universitet illərindən başlanmışdı. Sürrealist yunan şairi Andreas Embirikosla tanışlıq bu marağın yaradıcılıq məcrasına yönəlməsinə mühüm təsir göstərmişdi. Embrikos gənc dostunun "Yeni ədəbi icmal" adlı jurnal və onun ətrafında birləşən yaradıcı qüvvələrlə əlaqə qurmasına yardımçı olmuşdu. Yunanıstanın ilk Nobel laureatı Seferisin də daxil olduğu həmin qrup klassik yunan şeri ənənələrinə əsaslanaraq canlı danışıq dili — demotik əsasında yeni ədəbiyyat yaradılmasının tərəfdarı idilər.

Elitisin ilk şeirləri "Yeni ədəbi icmal"ın 1935-ci il saylarında çıxmışdı. Jurnalın bəzi müəlliflərinin yaradıcılığı yunan ədəbi mühitində müəyyən istehza ilə qarşılansa da, Elitis ilk gündən oxucuların rəğbətini qazana bilmişdi. Çünki sürrealizm onun nəzərində hər şeydən öncə novator poetika məktəbi idi. Müəllif heç vaxt arxasında yunan ədəbiyyatının iyirmi beş əsrlik tarixi təcrübəsinin dayandığını unutmurdu. İdeal dünya təsvir etməyi əsas vəzifə sayan antik poeziyanın təsiri ilə Elitis əsərlərində daha çox nikbin notlara üstünlük verirdi. Onun "Səmtlər" (1939) və "Hökmdar-günəş" (1943) kitablarındakı şeirlər həyatın təsdiqinə və tərənnümünə yönəlmiş işıqlı hiss və duyğular üzərində qurulmuşdu.

Hitlerin müttəfiqi, italyan diktatoru Mussolini 1941-ci ildə Yunanıstana soxulanda Odiseas Elitis tərəddüd etmədən vətənin müdafiəçiləri sırasında yer almışdı. O, kiçik leytenant rütbəsində yunan ordusu tərkibində düşmənlə savaşda iştirak etmişdi. Müharibə şairin yaradıcılığı üçün təkcə yeni mövzu verməmiş, həm də milli ruhun dirçəldilməsinə xidmət edən həqiqi vətənpərvərlik məktəbi olmuşdu.

Yunanıstanın işğaldan azad edildiyi 1945-ci ildə Elitis milli radio verilişləri institutunda çalışır, eyni zamanda mətbuata ədəbi icmallar yazırdı. 1948-1952-ci illərdə şair Parisdə yaşamış, Sorbonnada fransız ədəbiyyatını öyrənmişdi. Parisdə keçirdiyi illər həm də onun incəsənətlə daha sıx təmas dövrü idi.

50-60-cı illərdə çağdaş yunan ədəbiyyatının aparıcı simalarından sayılan Elitis ABŞ və keçmiş SSRİ-də də uzunmüddətli səfərlərdə olmuşdu. Bu səfərlərə çıxmaqda əsas məqsəd yunan ədəbiyyatı və mədəniyyətinin təbliği idi.

"Qara polkovniklər" çevriliş yolu ilə Yunanıstanda hakimiyyətə gələndə Elitis hərbi xuntaya etiraz əlaməti olaraq vətənini tərk etmiş və bir neçə il Parisdə mühacir həyatı yaşamışdı. Mühacirət dövründə o, yaradıcılığının yekunu saydığı "Mariya Nefeli" poeması üzərində işini davam etdirmişdi. Dəfələrlə yeni redaksiyaları üzə çıxan poema, nəhayət, 1978-ci ildə çap olunmuşdu. Şairin sürrealist istiqamətli şeirlərindən sonra "Mariya Nefteli" real həyati təcrübəyə əsaslanması və təbiiliyi ilə Elevits yaradıcılığında yeni hadisə kimi qarşılanmışdı.

1979-cu ildə Odiseas Elitis "yunan ədəbiyyatının ənənələri məcrasında müasir insanın azadlıq və müstəqillik uğrunda mübarizəsini güclü hissiyyat və intellektual dərinliklə əks etdirən poetik yaradıcılığına görə" Nobel laureatı olmuşdu. Şair İsveç Akademiyasının qərarını yalnız özü üçün deyil, həm də Avropada ən qədim ənənələrə malik yunan mədəniyyəti üçün böyük şərəf saydığını bildirmişdi. Elitis eyni zamanda, ədəbiyyat sahəsində milli mükafatın ilk laureatı (1960) kimi Yunanıstanın mədəniyyət tarixinə daxil olmuşdu.

Ömrünün sonuna qədər tənha və subay həyat yaşayan Odiseas Elitis özündən sonra kitabları ilə bir sırada, mütəxəssislərin fikrincə, həm də istedaddan məhrum olmayan çoxsaylı rəssamlıq əsərləri qoyub getmişdi.

Əsərləri

Poemalar

Nəsri

Tərcümələri

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Odysseus Elytis // Encyclopædia Britannica (ing.).

Mənbə

Xarici keçidlər

Həmçinin bax