Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.

Xristianlıq


Xristianlıq

Xristologiya (yunan. Χριστός, xristos, "Məsih", + yunan. λογος, logos, "elm") yaxud Bibliya xristologiyası – xristian teologiyasının bir sahəsi, Nazaretli İsanın şəxsiyyəti, təbiəti və işləri haqqında Bibliya əsasında qurulan təlim.

Xristianların Müqəddəs Yazılarında İsanın şəxsiyyəti dünyanın Xilaskarı olaraq təqdim olunduğuna görə, Bibliya xristologiyası soteriologiya (xilas haqqında təlim) ilə sıx əlaqəlidir.

Bibliya xristologiyası "Əhdi-Ətiq xristologiyası" və "Əhdi-Cədid xristologiyası" olmaq üzrə iki böyük bölməyə ayrılır. İsadan əvvəlki Müqəddəs Yazılarda (Əhdi-Ətiqdə) dünyaya gələcək olan Xilaskar-Messiyadan (Məsihdən) bəhs edən parçaları tədqiq edən Əhdi-Ətiq xristologiyası həmçinin messianizm adlanır. Əhdi-Cədid xristologiyası artıq İsanın şəxsində dünyaya gəlmiş olan Məsihi tədqiq edir.

Messianizm

Məsih (yaxud Messiya) və Məsihin Padşahlığı haqqında təlim başlanğıcdan sabit və dəyişməz şəkildə əmələ gəlməyib, tədricən formalaşmışdır. Bibliyada messianizmin bir neçə mərhələsini görmək olar:

Ümumiyyətlə, Əhdi-Ətiq xristologiyasının iki cəhətini qeyd etmək olar: Allahın insanlara zühur edəcəyi inancı və məsh olunmuş Padşahın dünyaya gələcəyi inancı. Xristian əqidəsində bu iki inanc Məsihin ilahi və bəşəri təbiətlərinə malik olması təlimində öz əksini tapmışdır.

Xristian təfəkkürü tarixində Bibliya xristologiyasının inkişafı

Əsas məqalə: Arianlıq

Əsas məqalə: Xristoloji mübahisələr

İsanın Məsih və Xilaskar, Allahın Oğlu olduğu inancı Əhdi-Cədid yazılmamışdan əvvəl meydana gəlmişdir. Əhdi-Cədiddə, ondan qabaq yaranmış kilsənin inancı öz əksini tapmışdır. Xristianlığın təzəcə yarandığı dövrdə Məsihin təbiəti ilə bağlı məsələlər diqqət mərkəzində deyil idi; Məsihin möminlərə bəxş etdiyi xilas və günahların bağışlanması haqqında Müjdəyə ən çox əhəmiyyət verilirdi. Bununla belə, qeyd etmək lazımdır ki, o dövrdə Məsihin ilahi-bəşəri təbiətinə malik olması inancı hələ bir ehkama çevrilməsə da, artıq xristian kilsəsinin mühüm bir əsası olmuşdur.[13] Xristian kilsəsi İsaya iman etməyən yəhudi, bütpərəst və bidətçilərlə mübarizə edə-edə tədricən Məsihin ilahi-bəşəri təbiətini qavrayaraq kilsə məclislərində qəbul olunan bir sıra formulalarda ifadə etmişdir. Bidətçilərə qarşı mübarizəni Əhdi-Cədidin ayrı-ayrı yerlərində də görmək olar.[14] Daha sonra kilsənin xristologiyası qnostisizm kimi böyük bidətlər ilə mübarizədə inkişaf etmişdir. Xristian kilsəsi ardıcıl olaraq Məsihin ilahi-bəşəri təbiətinə malik olduğu inancını müdafiə etmiş, qoruyub saxlamışdır. Doketlər İsanın bəşəri təbiətini rədd etdikləri kimi, presviter Arius Onun ilahi təbiətini rədd etmiş, arxiyepiskop Nestor isə ilahi ilə bəşəri təbiətlərini bir-birindən ayırmışdır. Bu kimi məsələlər kilsə məclislərində həll olunurdu. Atanın Oğul ilə mahiyyətcə eyni olması inancı təsdiq olunmuşdur (Birinci ümumdünya kilsə məclisində — Birinci Nikeya Kilsə Məclisi, eramızın 325-ci ili). Bundan sonrakı ümumdünya kilsə məclislərində İsanın təbiəti ilə əlaqədar olan bir sıra başqa inanclar qərarlaşdırılmışdır. Nəticə etibarilə, xristian məzhəblərinin böyük əksəriyyəti indiyə kimi, ümumiyyətlə, vahid xristologiya əsasında inkişaf etmişdir.

İsanın adlarının semantik təhlili

Bibliya xristologiyasının məqsədi Məsihin şəxsiyyətini, təlim və işlərini Bibliyaya əsasən tədqiq edərək müvafiq qərarlar çıxarmaqdır. Xristologiyada istifadə olunan üsullardan biri İsanın Əhdi-Cədiddəki adlarının semantik təhlilidir. Əhdi-Cədiddə İsaya verilən adlardan ən mühüm olanlar "Bəşər Oğlu", "Məsih", "Allahın Oğlu"dur.

Bəşər Oğlu

Müjdələrdə nəql edilənlərə görə, İsa Məsih Özünü əksərən "Bəşər Oğlu" deyə adlandırmışdır. Bu ad bir neçə mənada şərh oluna bilər. Bir yandan, bəşər oğlu ifadəsi insanın fani və aciz olmasını vurğulayır[15]; digər yandan isə "Bəşər Oğlu" ifadəsinin imanlılar cəmiyyəti ilə bunun Başçısı olan Səmavi İnsanı özündə birləşdirən toplu bir obraz kimi işlənmə ehtimalı vardır[16]. Nəhayət, yəhudi ilahiyyatının İsgəndəriyyə məktəbində "Səmavi Adəm" olan Tanrının Oğlu-Loqos (Kəlam) fikri mövcud idi.[17] Beləliklə, "Bəşər Oğlu" çoxmənalı bir ifadədir. Bəşər Oğlu dedikdə, həm Xilaskar Məsih, həm də fani insan nəzərdə tutula bilər. İsanın Özünü məhz bu ad ilə adlandırmağa üstünlük verməsi də təsadüfi deyildir. Güman etmək olar ki, bunun səbəbi İsa Məsihin insanın azad iradəsinə zor gəlmək istəməməsidir. İsanın Məsih olub-olmadığını hər insan özü üçün qərarlaşdırmalı idi.

Məsih

İsa bircə dəfə Özünün Məsih olduğunu açıqca söyləmişdir.[18] Şagirdlərinə Onun Məsih olduğunu yaymalarını qadağan etmişdir.[19] Güman etmək olar ki, İsanın Məsih olduğunu sirr saxlamasının əsas səbəbi, xalqın arasında geniş yayılmış olan yanlış Məsih obrazı ilə bağlıdır. Yəhudilər Məsihin qüvvətli siyasi rəhbər olacağını umurdular.[20] Lakin həvari Peter İsaya "Sən Məsihsən" deyəndə, İsa onun sözləri ilə razılaşmışdır. Bundan elə nəticə çıxır ki, İsa "Məsih" sözünü başqa bir mənada, ruhani şəkildə anlayırdı. Xristian kilsəsi də İsa Məsihi siyasi rəhbər olaraq deyil, Xilaskar və səmavi Hökmdar olaraq qəbul etmişdir.

Allahın Oğlu

Qədim Şərq semantikasında bu ifadə ya səmavi varlıqlara, ya da Allahın qərarı ilə hökm sürən padşahlara işarə edirdi.[21] Baş kahinin İsaya verdiyi sual yəhudilərin Məsihi Allahın Oğlu adlandırdıqlarını təsdiq edir: "İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: "Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?""[22] Lakin İsanın dediyindən bəlli olur ki, O, "Allahın Oğlu" dedikdə təkcə Məsih olduğunu nəzərdə tutmayıb, bundan üstün bir əlaqədən bəhs etmişdir.[23] İsa Allah-Taalanı bütün bəşəriyyətin qayğıkeş atasına bənzətməklə yanaşı, Özü Allaha tez-tez "Atam" deyərək, Allahla sirli bir əlaqəsindən bəhs edirdi. Yəhyanın İsanı İlahi Kəlam[24], İbrahimdən əvvəl var Olan[25] adlandırması daha üstün bir mənada "Allahın Oğlu" olduğuna işarə edir. Xristian kilsəsinin İsanı ilahi-bəşəri Şəxs kimi qəbul etməsinə səbəb olan amillərdər biri də budur.

Mənbə


Həmçinin bax

İstinadlar

  1. Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Yaradılış 3:15
  2. Bax: Толковая Библия Лопухина, http://lopbible.narod.ru/gen/txtgen03.htm Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine
  3. Müqəddəs Kitab. Yaradılış 12:3
  4. Müqəddəs Kitab. Qalatiyalılara Məktub 3:8,14
  5. Müqəddəs Kitab. Qanunun Təkrarı 18:15
  6. Müqəddəs Kitab. 1-ci Salnamələr 17:11–14
  7. Müqəddəs Kitab. Zəbur 2
  8. Müqəddəs Kitab. Yeşaya Peyğəmbərin Kitabı 7,9,11
  9. Müqəddəs Kitab. Yeremya Peyğəmbərin Kitabı 31:31–34
  10. Müqəddəs Kitab. Yezekel Peyğəmbərin Kitabı 37:26
  11. Müqəddəs Kitab. Yeşaya Peyğəmbərin Kitabı 53:3–8
  12. Müqəddəs Kitab. Daniel Peyğəmbərin Kitabı 7:13
  13. Bax, məsələn, Romalılara Məktub 1:2–4: "Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu"
  14. Bax, məsələn, 1-ci Yəhya 4:1–3: "Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil". Bu sözlərin doketlərin təriqətinə qarşı yazıldığı bəllidir. Doketlər hesab edirdilər ki, İsa, əslində, bu dünyada cismani şəkildə mövcud olmamışdır. Doketlər haqqında: Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Докетизм"
  15. Bax: Zəbur 8:5; Yezekel 2:1
  16. Bax: Daniel 7:13–14
  17. Bax: Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). İsgəndəriyyəli Filonun fəlsəfəsi. http://alizadeh.narod.ru/kitablar/Xristianliq/2.2.html Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine
  18. Mark Müjdəsi 14:61–62: Baş kahin yenə Ondan soruşdu: "Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?" İsa ona dedi: "Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz"
  19. Bax: Matta 16:20; Mark 8:30
  20. Bax: Yəhya 6:15: "İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi"
  21. Bax: Allahın Davuda sözləri: "Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. Mən ona Ata, o isə Mənə oğul olacaq…" 1-ci Salnamələr 17:11–13; Həmçinin bax: 2-ci Məzmur. "Rəbb mənə dedi: "Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum". Zəbur 2:7
  22. Mark 14:61
  23. Matta 11:27–30-da yazılmışdır: "Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm…"
  24. Yəhya 1:1
  25. Yəhya 8:58