Emil Durkhaym
fr. David Émile Durkheim
Doğum adı David Émile Durkheim
Doğum tarixi 15 aprel 1858(1858-04-15)[1][2][…]
Vəfat tarixi 15 noyabr 1917(1917-11-15)[1][2][…] (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Elm sahələri Din sosiologiyası, etnologiya
İş yerləri
Təhsili
Elmi rəhbəri Emil Butru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David Emil Durkhaym (fr. David Émile Durkheim; 15 aprel 1858[1][2][…]15 noyabr 1917[1][2][…], Paris[4]) — fransız sosioloq və filosof, Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi, sosiologiyanın müstəqil elm kimi əsasını qoyanlardan biri.

Həyatı

Emil Dürkheym 1858–1917-ci illər arasında yaşamış və sosiologiya elminə müstəsna töhfələr vermiş dahi fransız sosioloqudur və elə buna görə də sosiologiyanın "atalarından" biri sayılır. Onun "Suicide", "Division of Labour" və "The Elementary forms of Religious Life" əsərləri tarix boyu hər bir cəmiyyətdə mövcud olmuş və indiki dövrdə də müşahidə olunan intihar, xaos, özbaşınalıq, birliyin olmaması kimi ciddi sosial problemlərə işıq tutmuş və onları anlamağımızda və həll yolları tapmaqda köməkçi olmuşdur.

Dürkheym dinin insanları birləşdirən və pis əməllərdən çəkindirən ən əsas amil olduğunu apardığı araşdırmalarla sübut etmişdir. Qısacası, cəmiyyətdəki problemlərin kökünün dinsizlik, birliyin pozulması, eqoizm və maddiyyatın mənəvi dəyərləri üstələməsindən yarandığını deyən Dürkheymin bu ideyası hələ də öz çəkisini qoruyub saxlamaqdadır və XX–XXI əsrlərdə yaşamış məşhur Amerikan sosioloqu Brayan Vilson tərəfindən də sübut olunmuşdur.

İntiharla bağlı olan tədqiqatları

Emil Dürkheymin sosiologiya və ümumiyyətlə, bütün elm aləminə verdiyi ən böyük töhfə şübhəsiz ki, onun intihar hadisələri ilə bağlı apardığı araşdırmalar olmuşdur. Dürkheymə qədər təkcə Qərbdə deyil, bütün dünyada intiharın səbəbi hər zaman intihar edən şəxsin səhhətində və psixoloji durumunda görülürdü, lakin Dürkheym kəşf etdi ki, intiharın səbəbi fərdin özündən çox onun yaşadığı ətraf mühitdə axtarılmalıdır. Dürkheym araşdırmasına müxtəlif Avropa ölkələrindəki intiharla bağlı statistik məlumatları yığaraq başladı. O tez bir zamanda gördü ki müəyyən qrup insanlar (katoliklər, qadınlar, varlı şəxslər, cavanlar) digərlərindən (protestantlar, kişilərdən, qocalardan, imkansızlardan) daha az hallarda intihara əl atırlar. Buna görə də Dürkheym intiharı sosial fakt adlandırdı. Sosial fakt insanların yaratdığı, lakin onların nəzarətindən çıxan və onlara istər-istəməz təsir edən sosial fenomenə deyilir. Məsələn, intihar hadisəsi sadə insanların nəzarətində olmayan sosial-iqtisadi və siyasi durumla olduqca sıx əlaqədədir və ətraf mühitdə baş verən dəyişikliklər insanın şəxsi həyatına da təsir edir. Sosial fakt birazdan daha dərindən açıqlanacaq. Dürkheym intiharı 2 qrupa (hər qrupun özü də 2 qrupa bölünür) ayırıb. Bir qrup cəmiyyətə inteqrasiya (l'intégration sociale) və digəri insanların mənəvi dəyərlərinin nəzarəti (regulation morale) adlanır.

Yekun olaraq, Emil Dürkheym insanların intihar hadisəsinə tam fərqli yanaşmalı olduqlarını göstərdi və bununla da sosial elmlərə öz misilsiz töhfəsini vermiş oldu.

Dürkheymin intiharla bağlı fikirlərinə tənqidlər elə də çox yayılmayıb. Tənqid edilən zaman isə gətirilən arqument isə adətən belə olur; bəzi intihar hadisələri bir yox, bir neçə növə aid oluna bilər. Məsələn, baş verən ciddi siyasi dəyişiklikdən sonra bir ölkədə qəddar və avtoritar rejim hakimiyyətə gəlir. İnsan həyatının bütün sahələrinə qanunsuz müdaxilə edən hökumət hakimiyyətə barbar yollarla inqilab edib gəldiyindən ölkənin iqtisadi vəziyyəti də olduqca korlanır. İmkanlı bir şəxs maddi cəhətdən müflisləşir. Onun kimi şəxslər üçün anomik (vəziyyətin mənfiyə doğru kəskin dəyişməsi) vəziyyət yaranır. Həyatları kəskin şəkildə dəyişir. Yenidən iş qurmaq isə dövlətin avtoritar, totalitar və iqtisadiyyatın milliləşdirilməsi siyasətinə görə uğursuz olur. Əvvəllər imkanlı və azad olan şəxslər artıq müflis və dövlət tərəfindən sıxılan insanlara çevrilirlər. Bütün bunlara dözməyib intihar edən şəxsin intiharını gəlin qruplaşdırmağa çalışaq. Bu intiharda 3 cür çalar var. Anomik, çünki durum kəskin şəkildə bir anda dəyişir. Eqoist, çünki sosial vəziyyətin dəyişməsi ilə insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hiss edirlər. Bir vaxtlar onlar üzərində nəzarətedici funksiya daşıyan milli dəyərlər öz gücünü itirir. Nəticədə isə insanı intihardan çəkindirən əsas amillərdən biri sıradan çıxır. Fatalistik, çünki dövlət insanların həyatına olduqca yersiz və sıx şəkildə nəzarət edir, onların azadlıqlarını əlindən alır (indiki Şimali Koreya kimi). Ona görə də, intiharların hamısı bir qrupa sığışdırıla bilməz. Hər bir intihar hadisəsini araşdıran zaman onun müxtəlif motivlərinin ola biləcəyini hər zaman yadda saxlamaq lazımdır.

Sosial faktlar

Sosial fakt insanlar tərəfindən müəyyən edilmiş, yaradılmış, lakin onların həyatına (müsbət və ya mənfi) təsir edən hərəkətə, düşüncəyə və mənəvi dəyərə deyilir. Sosial fakt ilkin olaraq insanlar tərəfindən yaradılsa da, sonradan özü-özlüyündə müstəqillik qazanır və insanlar üzərində nəzarətedici qüvvəyə çevrilir. Baxmayaraq ki, zaman dəyişdikcə sosial faktlar da dəyişir, onlar bir qayda olaraq öz nəzarətedici qüvvəsini saxlayır. Nümunə ilə bu mürəkkəb görünən ideyanı sadə şəkildə açıqlamaq tam yerinə düşərdi.

Mentalitet, başqa sözlə desək, milli dəyərlər insanlar tərəfindən yaradılıb. Lakin, yaradılandan bir müddət sonra insanlar üzərində nəzarətedici qüvvəyə çevrilir və o dəyərlərə qarşı çıxmaq hörmətsizlik, tərbiyəsizlik və dəyərlərdən uzaqlaşmaq kimi qiymətləndirilir. Dəyərlərə qarşı çıxan şəxs cəmiyyət içində nüfuzdan düşür və mənfi ad qazanır. Məhz buna görə mənfi ad qazanmamaq üçün insanlar öz hərəkətlərini cəmiyyətin kriteriyalarına uyğunlaşdırırlar. Bir nüansı da vurğulamaq yerinə düşərdi ki, sosial faktlar əvvəlki nəsillər tərəfindən yaradılsa da, gələcək nəsillər üzərində də təsirini saxlayır. Məsələn, hal-hazırkı milli dəyərləri indiki nəsil, bizlər və sizlər deyil, bizdən neçə illər qabaq yaşayan baba-nənələrimiz yaratmışlar. Cəmiyyət hər bir fərdin həyatının demək olar bütün sahələrinə təsir edir (ictimaiyyət içində hərəkətindən tutmuş ailə daxili vəziyyətə kimi). Lakin müasir dövrdə vəziyyət Dürkheymin yaşadığı dövrdən xeyli fərqlidir. Dürkheymin yazdığı dövrlərdə insanlar indiki dövrdən daha sıx əlaqədə yaşayırdılar, həyat tərzləri bir-birinə bənzəyirdi, dinin və milli dəyərlərin təsiri daha güclü idi, baxmayaraq ki, o dövrdə Fransada siyasi inqilablar və dəyişikliklər insanların həyatına çox mənfi təsir etmiş və milli dəyərlərin zəifləməsinə gətirib çıxarmışdır.

Yuxarıda qeyd edildiyi kimi, sosial faktlar insanların hətta şəxsi həyatına da təsirsiz ötüşmür və bunu müqayisə apararaq açıq-aydın şəkildə görmək olar. Qərbi AvropaYaxın Şərq xalqlarının qadınlara olan münasibəti bir-birindən fərqlidir. Qərbi Avropada ailələrdə adətən qadın və kişi hər ikisi də işləyirlər və bu hal bütün cəmiyyətdə normal qarşılanır. Avropalı qadınlar daha azaddırlar və qanun tərəfindən də həm qorunur, həm də dəstəklənirlər. Baxmayaraq ki, bu xalqlar da tarixən qadınların haqqlarını tapdalayıblar, onlar uzun bir müddətdən sonra qadınlara da azadlıq veriblər və son onilliklər ərzində də qadınları müdafiə edən saysız-hesabsız qanunlar qəbul olunub. Lakin Yaxın Şərqin əksər hissələrində həm dinin, həm də mədəniyyətin təsirindən qadınlar hələ də Avropadakı həmcinsləri kimi azadlıq tapmayıblar. Məsələn, İranSəudiyyə Ərəbistanında qadınlar hicabsız ictimai yerlərə çıxa bilməzlər. Səudiyyə Ərəbistanında qadınlara hətta maşın sürməyə də qanun tərəfindən qoyulmuş qadağa bu yaxınlarda aradan qaldırılıb. Yaxın Şərq ölkələrində qadınlar siyasətdən də uzaqdırlar. Bir sözlə, tarix boyu mövcud olan dəyərlər qanunlara da ciddi təsir etmişdir və insanların şəxsi seçimlərinə və həyatlarına də təsir edib və edəcəkdir. Sosial faktlara dair digər nümunələrə isə müəyyən cəmiyyətdə insanların istər-istəməz keçirdikləri tədbirlər (dini, toy, yas mərasimləri) və həyat tərzini aid etmək olar. Bir cümlə ilə desək, sosial faktlar insanları formalaşdıran ən güclü ünsürlərdən biridir.

Əmək bölgüsü

Əgər qəbilələrdən özgə istənilən cəmiyyətin təkamül tarixinə nəzər yetirsək, görərik ki, cəmiyyət arasındakı iş bölgüsü zaman keçdikcə qət edilən inkişaf yolu ilə birgə dəyişmişdir. Başqa bir yolla desək, inkişaf olduqca insanlar arasındakı iş bölgüsü də dəyişmişdir. Dürkheymin bu sahəni tədqiq etməsinə əsas verən stimul onun cəmiyyətlərin hansı yollarla bir cəmiyyət kimi mövcud ola bilməsini öyrənmək istəyi olub.

Apardığı tədqiqatlar nəticəsində Dürkheymin gəldiyi yekun fikir o olub ki, primitiv və müasir cəmiyyətlər baxmayaraq ki, birlik halında yaşayıblar, bu birliyin yaranmasındakı səbəblər tamamı ilə fərqlidir. Dürkheym primitiv cəmiyyətdəki birliyi mexaniki, müasir-sənaye tipli cəmiyyətdəki birliyi isə orqanik adlandırıb. Primitiv cəmiyyətdə insanlar bir-biri ilə sıx əlaqədə yaşayırdılar. Demək olar , ki hərkəsin yalnız bir işi var idi, o da aqrar iş (mal-qara saxlamaq, əkib-biçmək, ovlamaq) idi. Əksər insanların məqsədi eyni idi; gündəlik dolanışı təmin etmək. Çətin zamanlarda bir-birlərinə yardım edir və qoruyurdular. Tez-tez keçirilən dini rituallar zamanı bir yerə yığışıb önəmli məsələləri müzakirə edir və eyni zamanda bir daha necə birliyin olduğunu görürdülər. Lakin, nə qədər təzadlı səslənsə də, insanlar arasında asılılıq olduqca aşağı idi. Çünki insanlar sadə işlərlə məşqul idilər, hər ailə öz ehtiyacını özbaşına ödəyə bilirdi. Aşağı dərəcəli asılılığa baxmayaraq, insanlar cəmiyyət kimi yaşayırdılar, çünki onları sosio-iqtisadi və maddi ünsürlər yox, mənəvi və dini dəyərlər bağlayırdı. Bundan əlavə olaraq yaşayış tipi (evlərin bir-birinə yaxın olması, iş yerlərinin bir çox hallarda eyni yer olması) də onları qaçınılmaz olaraq bir-biri ilə cəmiyyət formasında yaşamağa sövq edirdi. Lakin, əhalinin sayı çoxaldıqca və yeni ərazilər kəşf edildikcə insanların yaşayış coğrafiyası genişləndi. Artıq insanlar sıx ictimai şəraitdə deyil, bir-birindən daha uzaq məsafələrdə yaşamağa başladılar.

Mənbə

İstinadlar

Xarici keçidlər